September 28th, 2019

Millt və vətən üçün deyil, öz kefin üçün yaşa

Bir nəfər həmkardan bu sözləri eşitdim: "Mən həyatım boyu bu millətə və vətənə xidmət etmişəm, ancaq mənim işlərimi düzəldən olmur, hamı məndən üz döndərir".

Bu maraqlı iddiadır. Çox adam belə düşünür ki, o millətə və millətə qulluq edir və sonra bunun əvəzini gözləyir. Əvəzini almayanda başlayır millətdən və vətəndən şikayət etməyə.

Əslində isə, millətə və vətənə heç kəs lazım deyil. Onlar var olub və olacaq. Biz hamımız gəlib gedənik, bu dünya isə həmişə var və olacaq. Bu səbəbdən vətənin və millətin heç bir şəxsə ehtiyacı yoxdur. Ona görə nəsə edəndə adam bunu vətən üçün etmir, özü üçün edir, və təbii ki əvəzini gözləyir. Çünki hər şeyin əvəzi olmalıdır. Vətən və millət kimi yüksək sözlər yalnız görüntüdür, əslində önə çıxan şəxsi maraqlardır

Belkəliklə mən öz payıma deyə bilərəm ki, nə edirəmsə özüm üçün edirəm. Sadəcə öz ruhumu qidalandırıram, etdiyim elmi işlərdən, mübahisələrdən, ictimai fəaliyyətimdən həzz alıram. Həyatda isə xoşbəxtlik elə həzz almaqdır. Bu sadəcə mənə ləzzət verir. Ona görə də etdiyimin qarşısında əvəz istəmirəm. Çünki etdiyimin ləzzəti elə onun əvəzidir, istədiyimi alıram.

Qaldı Vətənə və millətə, əgər hansısa işlərim onlara xeyir verərsə, nə yaxşı. Ancaq bunu da zaman göstərəcək. İndi mən deyə bilmərəm ki, millətimə xeyir ya da ziyan verirəm.

Son da odur ki, nə Vətəni, nə də milləti düşünməyin. Bunların sizə ehtiyacı yoxdur. Siz bu dünyada yox idiniz, onlar olmuşdur, sabah siz öləndən sonra da var olacaqlar. Əsas məsələ odur ki, öz Vicdanınız qarşısında sorumlu olun. Nə edirsinizsə də, ləzzət almaq üçün edin. Belə etsəniz, özünüz də mənalı həyat keçirərsiniz, heç kəsdən də umacağınız olmaz.