Айдын Али-заде (aydin_alizadeh) wrote,
Айдын Али-заде
aydin_alizadeh

Allahın adil olması haqqında

İslam fəlsəfəsinin ən müdrik kəlamlarından biri "Allah niyyətlərə görə verəndir". Artıq həyatın çoxusunu yaşamışam, gördüklərimi ümumiləşdirib deyə bilərəm ki, cəmiyyət üçün bu doğrudan da belədir. Toplum nə istəyir onu da alır.

Erməni-müsəlman davası da bunun örnəyidir. 1980-ci illərin axırlarında mitinqlərə çıxırdım. Yığışan insanlar söhbəti Qarabağdan başlayıb, sonda Azərbaycanın nefti ilə bitirirdilər. Deyirdilər neft gəlirlərini özümüzdə saxlamalıyıq ki, ərəb şeyxləri kimi yaşayaq. Yəni əslində yığışan kütlə Qarabağı yox, varlı-dövlətli yaşaşı istəyirdi.

Sonra qaçqınlar gəldi. Yenə mitinqə çıxırdım, onlar onun-bunun mənzilini necə zəbt etməyi düşünürdülər. Vətənlərinin əldən getməsi ilə söhbəti başlayıb Bakıda özlərinə necə yer edib varlanmaqla bitirirdilər.

Xalq cəbhəsi, müxalifət, hakimiyyət də belə idi. Qarabağ söhbəti ilə başlayırdılar, ancaq hakimiyyət davasını aparırdılar. Ermənilər bir-bir kəndlərimizi alırdı, bunlar isə biri obirisini yıxırdılar. Nə var ki, neftə və pula sahib çıxsınlar.

Sonumuz da elə belə oldu. Hamı özünə (pis ya yaxşı) ev də tapdı, dolanışığını təmin etdi. Neft kontraktları imzalandı, ölkəyə böyük pullar gəldi. İndi pulumuzun çox olması ilə öyünürük, möhtəşəm idman və musiqi festivallarını keçirdirik. Hər yerdə tikinti, küçələr parıldayır və s.

Ermənilər isə bizdən fərqli olaraq, o zaman ancaq Qarabağ üçün vuruşdular. Bütün imkanlarını ancaq bu ideyanın gerçəkləşməsinə səfərbər etdilər. İndi də bəzən bizimkilərin ermənilərlə mübahisələrini oxuyuram burada. Bizimkilər deyir sizin yaşayışınız aşağı səviyyədədir. Ermənilər də bizimkilərə qayıdır ki, əsas odur ki biz sizə qalib gəlmişik, əraziləri almışıq. Bunun üçün biz ac qalmağada razıyıq.

Belə də oldu. Allah hər ikimizə niyyətimizə görə verdi. Bizə çoxlu pul, neft, dolanışıq, parıltılı küçələr, Avropa oyunları, musiqi festivalları. Ermənilərə isə Zəngəzuru, Göyçəni, Qarabağı və ətraf rayınları. Hər şey düzdür, ədalətlidir, məntiqə uyğundur. Hər kəs istədiyini və o istək üçün cabaladığını aldı. Allah həqiqətən adildir!

Tags: adil, allah, erməni, iqtidar, xalq cəbhəsi
Subscribe
  • Post a new comment

    Error

    default userpic

    Your reply will be screened

    Your IP address will be recorded 

    When you submit the form an invisible reCAPTCHA check will be performed.
    You must follow the Privacy Policy and Google Terms of use.
  • 0 comments